Valeh Ələsgərov: “Sabah nə olub-olmayacağını kim bilir?”

Milli Məclis sədrinin müavini: “Bunun əziyyətini proqnozlara inanan hökumətlər çəkdi”

Milli Məclis sədrinin müavini: “Bunun əziyyətini proqnozlara inanan hökumətlər çəkdi”

Bakı. 22 noyabr. REPORT.AZ/ “Büdcədə neftin qiymətini artırsaq, büdcənin gəlir hissəsini artıra bilərikmi? Fikrimcə, büdcədə neftin qiymətinin 45 dollardan götürülməsi düzgün qərardır. Neftin qiymətini yüksək götürən beynəlxalq qurumlar dedikləri proqnozlara məsuliyyət daşıyırlarmı? Onların verdiyi proqnozların yerinə yetirilməsinə kim məsuliyyət daşıyacaq?”

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlamentin vitse-spikeri Valeh Ələsgərov deyib.
O xatırladıb ki, 80-ci illərin əvvəllərində İran körfəzi ölkələri arasında müharibə baş verəndə neftin qiyməti qalxmışdı, Sovet İttifaqının güclü vaxtı idi, sonra qiymətlər 3 dəfə aşağı düşdü: “Sovet İttifaqı nə günə qaldı? Bir qəpik də valyuta ehtiyatı yaranmamışdı, hamısı xərclənmişdi. Azərbaycanın nefti, qazı var, bunu satmaq lazımdır, lazım olanda, istifadə edə bilərik, əksəriyyətini isə gərək ehtiyat olaraq saxlayaq. Sabah nə olub-olmayacağını kim bilir? 90-cı illərin əvvlərində beynəlxalq qurumlar proqnoz verirdi ki, neftin qiyməti 2000-ci ilə bir bareli 25-27 dollar olacaq. 1998-1999-cu ildə bir barel 11-12 dollara düşdü. Hansısa qurum buna cavab verdimi? Adını çəkdiyiniz beynəlxalq qurumlar 2007-ci ildə deyirdilər ki, 2008-ci ildə neftin bir barelinin qiyməti 200 dolları keçəcək. Bir barel neftin qiyməti 39 dollara düşdü. Bunun məsuliyyətini kim daşıdı? Bunun əziyyətini proqnozlara inanan hökumətlər çəkdi. Bu mövzunu dəfələrlə müzakirə etməyə dəyməz. Hökumət dövlət büdcəsinə görə məsuliyyət daşıyır. Məsuliyyət hiss etdiyinə görə də nə etdiyini bilir. Daha düzgün yol ehtiyatlatımız artırmaqdır. Bunu etməklə gələcəyimiz üçün zəmanət yaranır. Heç kim bu gün deyə bilməz ki, 3-5 ildən sonra dünya iqtisadiyyatında, maliyyə bazarlarında nə olacaq...”.