Sədr: "ATƏT məkanındakı uzadılan münaqişələrin həlli tapılmalıdır"

Bakı. 6 dekabr. REPORT.AZ/ "ATƏT məkanında mövcud olan istər hazırkı böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin həlli tapılmalıdır".

“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda başlayan 25-ci iclasının açılışında ATƏT-in fəaliyyətdəki sədri, İtaliya xarici işlər naziri Enzo Moaveri-Milanezi bildirib.

O, İtaliyanın builki sədrliyi dövründə Aralıq dənizi regionundakı vəziyyət və təhlükəsizlik məsələləri kimi bəzi prioritetləri rəhbər tutduğunu diqqətə çatdırıb.

“ATƏT-in hələ də üzləşdiyi çətinliklər, böhran vəziyyətləri aradan qaldırılmalıdır. ATƏT məkanında mövcud olan istər bu yaxınlardakı Azov dənizindəki böhran kimi hazırkı münaqişələrin və böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin, - məsələn qarşımızda hələ də duran Dağlıq Qarabağ münaqişəsinin, Gürcüstandakı Abxaziya və Cənubi Osetiya münaqişələrinin,- həlli tapılmalıdır. Həmçinin Trans Nistru münaqişəsinə də əvvəlki kimi diqqət ayırırıq”, – ATƏT sədri vurğulayıb.