Azərbaycan energetika bazarının liberallaşması üçün təkliflər hazırlanıb

Azərbaycan Energetika Nazirliyi yeni qanun layihəsi hazırlayıb.

"Report" xəbər verir ki, bunu "Əsrin müqaviləsi"nə həsr edilmiş konfransda çıxış edən energetika nazirinin müavini Elnur Soltanov deyib.

E.Soltanovun sözlərinə görə, Nazirlik Azərbaycan energetika bazarının liberallaşması üçün təkliflərini hazırlayıb:

"Artıq energetika haqqında qanun layihəsi hazırdır. Hesab edirəm ki, rəqabətyönümlü sahələrin təbii inhisar sahələrindən ayrılması və istehsal, təchizat sahələrində effektivlik yaratmasına təsir edəcək. Təchizat sahəsində rəqabətliliyin olması vətəndaş məmnunluğuna və xidmət keyfiyyətinin artmasına səbəb olur. Bu istehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadə olunması hesabına xərclərin azalmasına gətirib çıxarır. Bildiyiniz kimi Azərbaycanda elektrik enerjisinin əsas istehsal yanacağı təbii qazdır. Bu sahədə qərb dövlətlərindən çox öndəyik. Bizdə heç bir halda daş kömürdən istifadə olunmur. Bərpa olunan enerji qaynaqlarından sonra təbii qaz ən təmiz enerji  mənbəyidir. Amma təbii qaz dünya bazarında kifayət qədər yüksək qiymətdədir. Amma Azərbaycan daxilində energetika sektoruna verilən qaz sosial mənada subsidiyayönümlü qiymətlərlə verilir.  Səmərəlilik əldə edilərsə təbii qazın ixracından Azərbaycan xalqı və dövləti əlavə gəlir əldə edə bilər. Bu istiqamətində ciddi addımlar atılır",- nazir müavini qeyd edib.