Əbülfəs Qarayev "Xarı bülbül" festivalının bərpası ilə bağlı məsələyə münasibət bildirib

Mingəçevir. 17 oktyabr. REPORT.AZ/ "Biz "Xarı bülbül" beynəlxalq festivalının bərpa edilməsində maraqlıyıq".

Bunu "Report"un Şirvan bürosunun müxbirinin sualını cavablandırarkən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu mütləq baş verəcək: "Əlbəttə ki, biz "Xarı bülbül" beynəlxalq festivalının bərpa edilməsində maraqlıyıq. Amma festivalın tarixçəsi Şuşa ilə bağlı olduğu üçün onun yenidən bərpa olunması məsələsi də Şuşanın azad olunacağı günə bağlıdır".

Ə.Qarayev ölkənin regionlarında mədəni dəyərlərin təbliği məqsədlə yeni layihələr həyata keçiriləcəyini bildirib.

O əlavə edib ki, Azərbaycanın bölgələrini əhatə edən geniş mədəni tədbirlər planı hazırlanıb: "Məsələn, bu yaxınlarda bölgədən bölgəyə layihəsini uğurla həyata keçirdik. Amma bu, kifayət deyil. Yaxın perspektivdə paytaxtla yanaşı, regionlarda da çox sayda yerli və beynəlxalq əhəmiyyətli müsabiqə və festivallar keçirmək niyyətindəyik. Bu yolla Azərbaycanın bölgələrində də mədəni inkişaf sürətlənəcək”. 

Mədəniyyət naziri Əbülfəs Qarayev həmçinin Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib. Tədbirdən əvvəl Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidə önünə tər çiçək dəstələri düzüblər. Tədbir iştirakçıları daha sonra Mingəçevir Dövlət Dram Teatrının foyesində sənət ocağının fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxdılar.

Mərasimdə çıxış edən mədəniyyət naziri Ə.Qarayev ölkəmizdə mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Bütün bunlar dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir. “Məhz bu mühüm sənədlərin qəbulu, dövlət proqramı bizə beynəlxalq miqyaslı tədbirlər keçirmək, teatr binalarını əsaslı təmir edib, yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə paytaxt teatrlarını deyil, həm də bölgə teatrlarını əhatə edir”, - nazir vurğulayıb.

Ə.Qarayev Mingəçevir Dövlət Dram Teatrının fəaliyyətindən söz açaraq kollektivin əməyini yüksək qiymətləndirib, teatrın 50 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin sərəncamını xatırladıb: “Bu gün ölkəmizdə, mədəniyyətimizin digər sahələri kimi, teatr sənəti də inkişaf edir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Yubileyini qeyd etdiyimiz Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Sənət ocağı 1969-cu ilin martın 28-də Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb. Bu illər ərzində yaradıcı kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb”.

Nazir vurğulayıb ki, yarandığı gündən repertuarında milli klassik və müasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı Türkiyə, rus və dünya dramaturgiyasına da müraciət edib. Mingəçevir teatrı Azərbaycanda və onun hüdudlarından kənarda fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonlarına, eləcə də Türkiyə, Gürcüstan və Rusiyaya qastrol səfərləri edib, respublika festivallarının iştirakçısı və qalibi olub.

Ə.Qarayev daha sonra Mingəçevir Dövlət Dram Teatrının əməkdaşlarının mükafatlandırılması haqqında Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı Sərəncamları oxuyub. Həmçinin teatrın bir neçə əməkdaşına nazirliyin fəxri fərmanını təqdim edib.

Nazir sonda bir daha teatrın kollektivini yubiley münasibətilə təbrik edərək hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bundan başqa, Ə.Qarayev Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Mingəçevir və Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul edib.

Nazir qəbuldan əvvəl Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndirib.

Mingəçevirdən qəbula yazılan sakinlər şəhərdəki Mərkəzi kitabxanaya tibb, iqtisadiyyat, tarix, turizm və dilçiliyə aid yeni ədəbiyyatların verilməsi, şəhər Mədəniyyət mərkəzinin Xalq yaradıcılığı filialına yenidən Xan Şuşinskinin adının verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Yevlax sakinlərinin müraciətləri gənc mədəniyyət işçilərinin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə müsabiqələrin (brain-rinq) keçirilməsi, televiziyalarda regionların mədəni həyatının geniş şəkildə işıqlandırılmasına köməklik göstərilməsi, Xalq teatrının aktyorlarının peşəkarlığının artırılması üçün ustad dərslərinin təşkili barədə olub.

Bərdədən qəbula gələn vətəndaşlar tərəfindən küçə rəssamlıq sənətinin inkişafına dəstək verilməsi, Döyüş şöhrəti muzeyinin yaradılması, görkəmli yazıçı Mir Cəlalın 110 illiyinə həsr olunmuş respublika üzrə gənc yazıçılar arasında müsabiqə keçirilməsinə köməklik edilməsi, işlə təmin olunma barədə müraciətlər  olub.

Ağcabədi sakinləri şəhər Uşaq musiqi məktəbinə görkəmli xanəndə Zülfü Adıgözəlovun adının verilməsi, Mərkəzləşdirilmiş kitabxana sistemi üçün inzibati binanın tikilməsi, rayondakı Rəsm qalereyasına yeni əsərlərin verilməsini xahiş ediblər.

Tərtər sakinləri tərəfindən qeyri-maddi irsimizin geniş şəkildə təbliğ edilməsi məqsədilə regionlararası festivalların təşkil olunması, regionların özünəməxsusluğunu əks etdirən məlumatlardan ibarət kitabların nəşr edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət olunub. 

Ağdam və Laçından qəbula gələnlərin müraciətləri ləğv olunmuş klub müəssisələrində olan ştat vahidlərinin rayon Mədəniyyət mərkəzinə verilməsi, eləcə də Mədəniyyət mərkəzi və onun filiallarının müvafiq əyani vəsaitlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin portretləri ilə təmin olunması və digər məsələlər barədə olub

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.