Müdafiə naziri: "Aprel müharibəsi zamanı ön xətdə Azərbaycan Ordusunun generalları da döyüşürdü"

“Aprel döyüşləri zamanı Ermənistan səfərbərlik elan etmişdi. Yerevandan qoca kişilər Qarabağa yollanırdılar. Amma heç gəlib Qarabağa çıxa bilmədilər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

O vurğulayıb ki, aprel döyüşləri zamanı ön xətdə generallar da döyüşüb: “Təbii ki, bizim üçün hər bir şəhid əzizdir, amma bizim başqa yolumuz yoxdur, Vətənimizi müdafiə etməliyik. Aprel döyüşləri zamanı ön xəttə generallar da gedirdi. Biz yaralı zabitlərin döyüşü tərk etməməsi ilə bağlı görüntüləri adətən filmlərdə izləmişdik. Bizim ordumuzda bununla bağlı nümunələr var. 2-3 dəfə yaralanmış zabitlərimiz döyüşü tərk etməyiblər. Söhbət bizim işğaldan azad etdiyimiz ərazinin sahəsindən getmir. Təbii ki, Vətənin hər bir qarış torpağı bizim üçün müqəddəsdir. Burada əsas olan odur ki, iki ordu üz-üzə gəldi və Ermənistan ordusu darmadağın oldu”.

“Aprel döyüşlərinin əsas nəticəsinə əsasən, Ermənistan ordusu darmadağın oldu, Azərbaycan ordusu daha bir təcrübəyə yiyələndi və xalqımız arasında vətənpərvərlik hissi güclənməyə başladı. Azərbaycan ordusunda həyata keçirilən islahatların nəticəsi olaraq, orduda nizam-intizam və vətənpərvərlik ruhu artdı”, - müdafiə naziri əlavə edib.