Məktəblərin ətrafında siqaret satılırmı? - ARAŞDIRMA - VİDEO

Bakı. 21 dekabr. REPORT.AZ/ “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. “Report” xəbər verir ki, qanunun icrası ilə əlaqədar müvafiq güc strukturları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirir. Cəmiyyəti, eləcə də valideynləri narahat edən bir məqam isə təhsil müəssisələrinin ətrafında hələ də bəzi obyektlərin bu işlə məşğul olmasıdır.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova “Report”a açıqlamasında bildirib ki, təhsil müəssisələrinin ərazisi tütün məmulatlarının satışının qadağan olunduğu yerlərdən biridir: “Bu açıq elanda aydın şəkildə göstərilməlidir ki, 18 yaşına çatmayan şəxslərə tütün məmulatlarının satışı qadağandır. Digər tərəfdən, təhsil müəssisələrinin ərazilərində siqaret çəkilməsi yaşından asılı olmayaraq, hər kəs üçün qadağandır. Bu qaydaların pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrində məsuliyyət müəyyən edilib. Məcəllədə tütün məmulatlarının satış qaydalarının pozulmasına görə cərimələrin həddi 50 manatdan 80 manata qədər, yetkinlik yaşına çatmayanlara satışa görə isə 100 manat məbləğində müəyyən edilib. Hətta satıcının müraciət edən şəxsin 18 yaşdan aşağı olmasına dair tərəddüdü və şübhəsi olsa, bu halda şəxsiyyət vəsiqəsini tələb etməlidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, bu, çox ciddi məsələdir: “Təhsil müəssisələrinin, o cümlədən uşaq bağçalarının yaxınlığında müəyyən iaşə obyektlərinin olması xoşagələn deyil. Qanunla bunlar tənzimlənib, lakin yerli icra hakimiyyətləri bu məsələyə diqqət etməlidirlər. Hər bir orta məktəbin, təhsil müəssisəsinin ətrafında belə halların olması xüsusi yoxlanılmalıdır. Belə obyektlərin təhsil müəssisələrinin ətrafında yerləşməsinə görə cərimələrin həcmini artırmaq olar. Cərimələr həmin şəxsləri məcbur edəcək ki, məktəbdən, təhsil müəssisəsindən uzaq yerdə öz obyektini açsın. Məktəblərdə bu kimi zərərli vərdişlərə qarşı məsələdə uşaqların ailə tərbiyəsi də böyük rol oynayır. Valideynlər uşaqlarla söhbət etməyi bacarmalı, onların diqqətini təhsilə, sağlam böyüməyə, cəmiyyətə lazım olduqlarına yönəltməlidirlər. Belə olan halda məktəb yaxınlığında hər hansı zərərli vərdişləri təbliğ edən obyektlər olsa belə məktəblini yoldan çıxarmaq mümkün olmayacaq. Hər bir kəs, hər hansı təşkilat bu məsələnin düzgün həll edilməsində maraqlı olmalıdır”.

60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov vurğulayıb ki, Milli Məclisdə müvafiq qayda və qanunlar qəbul edilir və bunun icrası üçün də bütün qüvvələr səfərbər olunur: “Çünki məktəbə tütün məlumatlarının daxil olması yolverilməzdir. İl ərzində 2-3 dəfə bu məsələ ilə bağlı aidiyyəti qurumlarla mütəmadi görüşlər təşkil edilir və xüsusilə də yuxarı sinif şagirdləri ilə söhbət edilir”.

Həmin məktəbin müəllimi Yeganə Hüseynova isə qeyd edib ki, məktəbliləri bu mövzuda başa salmaq və izah vermək, narkomaniyanın törətdiyi fəsadları və faciələri onlara bildirmək lazımdır: “Şagirdlərə pulu müəllim yox, məhz valideynlər verirlər. Bu səbəbdən valideynlər ciddi nəzarət etsə ki, verdikləri pul nəyə və necə xərclənir, onda övladını qismən də olsa zərərli vərdişlərdən uzaq tuta bilər”.

Video: Rəşad Tuncay