Quba rayonuna 16 sm. hündürlüyündə qar yağıb - FOTO

Pis hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib

Pis hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib

Quba. 30 mart. REPORT.AZ/ Qubada gündüz saatlarından etibarən əsməyə başlayan güclü külək günün ikinci yarısından dağlarda və rayonun özündə qar ilə müşayiət olunmağa başlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hazırda Xınalıq kəndində yerə düşən qarın hündürlüyü 16 sm-ə çatıb.

Yağan qar Quba-Xınalıq yolunda çətinlik yaratmayıb. Yol hələlik açıq olsa da, səhər saatlarında təhlükəli olacağından ehtiyat edilir. Sulu qarın yollarda qar uçqunları əmələ gətirə biləcəyi bildirilir.

Rayonun Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Report"a açıqlamasında sürücülərə xitabən bildirib ki, martın 31-də Qubadan Xınalıq istiqamətinə və əks tərəfə gedib-gələrkən diqqətli olmaq lazımdır.

"Bu yolda qəza riski qaçılmazdır. Xınalıq yolunda hər an qar uçqunları ola bilər", - deyə o əlavə edib.

Quba-Qonaqkənd istiqamətinə gedən yollara da qarın yağması çətinliklər yaratmayıb. Rayonun ucqar Xaltan və Buduq kəndlərinə də güclü qar yağır, burda nəqliyyatın və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.