Bakıda sənaye istehsalı 4%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artaraq 6,4 mlrd. manat təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumata görə, sənaye məhsulunun 82,6%-i mədənçıxarma, 15,1%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin 1 mart vəziyyətinə 274,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 41,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.