"Aqrarkredit" QSC Cahangir Hacıyevə qarşı 3.7 milyard manatlıq mülki iddia qaldırıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını yekunlaşdırılıb.

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Məhkəmədə deyilib ki, mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı C.Hacıyevə qarşı 69 xarici şirkətlərə ayrılmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

Həmçinin C.Hacıyevlə yanaşı, digər şəxslərə qarşı da mülki iddia qaldırıldığı elan olunub.

Həmin şəxslər mülki iddiaları qəbul etmədiklərini deyiblər.

Daha sonra prokuror sübutların tətbiqi mərhələsində əvvəlcə təqsirləndirilən şəxslərin, sonra zərərçəkmiş, şahidlərin dindirilməsini və digər sənədlərin elan olunmasını istəyib.

Məhkəmə sabiq bank rəhbəri C.Hacıyevə ifadə verməsini təklif edib. O, növbəti iclasda ifadə verəcəyini söyləyib.

Proses fevralın 7-də davam etdiriləcək.