Rusiyalı ekspert: "OPEC və OPEC+ görüşlərində hasilatın azalması müzakirə olunacaq"

Bakı. 3 dekabr. REPORT.AZ/ "Qarşıdakı OPEC və OPEC+ görüşlərində hasilatın azalması zərurəti, habelə üzv ölkələrdən xam neft ixracatına məhdudiyyət qoymaq barədə müzakirələr davam edəcək".

Bunu “Report”a Rusiya Energetika İnstitutunun elmi işçisi, “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universitetinin Qiymət Yaranması və Təbii İnhisarların Tənzimlənməsi İnstitutunun aparıcı eksperti Dmitri Qruşevenko deyib.

Onun sözlərinə görə, hələlik hasilatı azaltmaq qərarının verilib-verilməyəcəyi bəlli deyil: "Bu məsələdə Qətərin OPEC-dən çıxıb bir növ həmin təşkilatın iştirakçıları üçün nəzarətdən kənar qalması da mühüm rol oynayıb. Bununla belə hasilatın azaldılması ilə bağlı Qətərin öhdəliklərini qalan iştirakçılar arasında bölüşdürmək lazım gələcək ki, nəticədə danışıqlar uzanacaq və mürəkkəbləşəcək”.

Rusiyalı ekspert vurğulayıb ki, hələlik OPEC və OPEC+da başlıca oyunçular işlər çətinləşdiyi vaxtda gülümsəməyə çalışırlar.

“Təşkilat iştirakçıları üçün rahat olan qiymətlər qəfildən dəyişməyə başlayıb və artıq bir barel üçün 60 dollar əsas iştirakçı ölkələrin büdcələri və neft sənayeləri üçün məqbul kimi qələmə verilir. Bunun həqiqət ola biləcəyini başa düşmək lazımdır”, – DşQruşevenko bildirib.

Onun fikrincə, neft ölkələrinin iqtisadiyyatları üçün bir barelin qiymətinin 70-80 dollar olması indiki 60 dollardan əlbəttə, daha yaxşıdır və elə ona görə də hasilatın azalması zərurəti, yaxud üzv ölkələrdən xam neft ixracatına məhdudiyyət gətirmək barədə müzakirələr davam edəcək.

Qeyd edək ki, bu həftə Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası, OPEC üzv ölkələri nazirləri toplantısı, OPEC+ iştirakçısı olan 25 ölkənin nazirlərinin görüşü keçiriləcək.