Tbilisidə “Azərbaycan-Gürcüstan: Cümhuriyyətimiz 100 yaşında” mövzusunda konfrans keçirilib

Tbilisi. 23 may. REPORT.AZ/ Bu gün Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) “Azərbaycan-Gürcüstan: Cümhuriyyətimiz 100 yaşında” mövzusunda konfrans keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyi ilə Gürcüstan MEA-nın birgə təşkil etdikləri tədbirdə Azərbaycan səfirliyinin, Gürcüstanın elmi dairələrinin nümayəndələri, tələbə-gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Sonra akademiyanın prezidenti Roin Metreveli çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, Azerbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstana səfərlərini, akademiyadakı görüşlərini xatırlayıb. O bildirib ki, bu gün hər iki xalq ozünün ən əziz, müqəddəs bayramlarından birini qeyd edir: "Bu bizim dostluğumuzun və qardaşlığımızın nümunəsidir".

Akademik R.Metreveli Azərbaycanın və Gürcüstanın Milli Elmlər Akademiyaları, eləcə də digər elmi müəssisələri, alimləri arasındakı dostluq əlaqələrindən bəhs edib, bu münasibətlərin inkişafının rolunu xüsusi qeyd edib.

Sonra səfirliyin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan və Gürcüstan tarixən qonşu və dost ölkələr olublar: "Bu dostluq bu gündə yüksələn xətlə inkişaf edir və möhkəmlənir".

R.Rəhimzadə iki xalqın və dövlətin dostluğunun bundan sonra da inkisaf edəcəyinə və digər xalqlar üçün əsl nümunə olacağına ümidvar olduğunu bildirib.

"İslahatçı Gənclər" İB-nin sədri Fərid Şahbazlı çıxışında Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlığın inkişafında gənclərin rolunu xüsusi qeyd edib.

Daha sonra Azərbaycan Demokratik İnsan Haqları İnstitutunun direktoru, hüquq müdafiəçisi Əhməd Şahidov və başqaları çıxış ediblər.

Çıxışlarda 1918-ci illərdə Cənubi Qafqazda cərəyan edən hadisələrdən, Zaqafqaziya Seyminin yaranması və buraxılması səbəblərindən bəhs olunub.

Çıxış edənlər bu hadisələrin məntiqi səbəbləri kimi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Demokratik Respublikasının yaranması zərurətini elmi əsaslarla izah edib, sovet hakimiyyətinin yaranması ilə hər iki xalqın müstəqil dövlətlərinin süquta yetirildiyini diqqətə çatdırıblar.

Bildirilib ki, bu gün Tbilisidə belə bir tədbirin keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir.