Rektor: "Gələn il Azərbaycan Tibb Universitetində 3 yeni ixtisas açılacaq"

Bakı. 21 dekabr. REPORT.AZ/ "Gələn il Azərbaycan Dövlət Tibb Universitetində 3 yeni ixtisas açılacaq".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib. 

O bildirib ki, universitetdə vacib və strateji istiqamətlər yeni, bu gün və sabah lazım olan ixtisasların açılmasıdır: "Çünki bir çox fakültələrdən məzun olan insanların sonrakı fəaliyyəti ilə bağlı analiz göstərir ki, 20-30 il ərzində oxuduqları ixtisaslar üzrə aldıqları təhsil bu gün və ya sabah lazımsız olur. Onlar üçün həm iş yerləri tapmaq çətin olur, həm də əlavə sosial problemlər yaradır".

Rektor qeyd edib ki, Azərbaycan Tibb Universiteti dünyada tələb olunan ixtisasları açmalıdır: "2019-cu ildə qeyd etdiyimiz ixtisasların üçü Azərbaycanda açılacaq".

O deyib ki, aparılan islahatların vacib bir hissəsi tələbələrin biliklərini bacarıqlara yönəltməkdir: "Çünki çox vaxt tələbələrin nəzəri bilikləri təcrübi biliklərinə nisbətdə kifayət qədər yüksək olur. Tələbələrin təcrübi bilikləri hələ də arzu olunan səviyyədə deyil".