"Uşaq bağçalarına gedən yolların üstündə heyvan kəsmək olmaz" - QURBAN HAZIRLIQLARI

Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proses bir çox hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda da baş verir. Bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda nəqliyyatın və piyadaların rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına verilib.

AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva “Reporta”a bildirib ki, 44 stasionar məntəqə bu günədək mövcud olan və AQTA-nın tələblərinə uyğun qeydiyyatdan keçmiş məntəqələrdir:

“Həmin məntəqələrdə qiymətlər sahibkarla vətəndaş arasında olan tələblərə əsasən müəyyənləşir. Çadırtipli kəsim məntəqələri isə bizim tərəfimizdən təchiz edilib və Agentliyin mütəxəssislərinin metodiki tövsiyəsi əsasında hazırlanıb. Orada göstəriləcək bütün xidmətlər yerli icra strukturları tərəfindən təmin ediləcək. Agentlik yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirəcək. Bayram günlərində bu məntəqələrin ətrafında bizim səyyar baytarlıq labaratoriyalarımız fəaliyyət göstərəcək. Həmin labaratoriyalarda xidmətlər ödənişsiz olacaq. Şəxsi istifadəsi üçün öz həyətyanı sahəsində qurban kəsən şəxslərə heyvanı kəsməzdən əvvəl baytar müayinəsindən keçirmələri tövsiyə olunur. Qanunsuz olaraq küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı ilə məşğul olmaq isə qanunla qadağandır və bu kimi halların qarşısını almaq üçün aidiyyatı icra orqanları ilə birlikdə qanunvericilik çərçivəsində tədbirlər həyta keçiriləcək”.

AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, bu il Agentliyin təşəbbüsü ilə Bakı şəhəri üzrə 19, Abşeron rayonu üzrə 5, Sumqayıt, Gəncə, Qəbələ, Quba, Mingəçevir, Şamaxı şəhərlərinin hər birində 1 ədəd olmaqla 30 çadır tipli kəsim məntəqələri yaradılıb və yerli icra hakimiyyəti orqanlarına təhvil verilib:

“Bunlar heyvan kəsimi üçün bütün baytarlıq-sanitariya və gigiyeniya qaydalarına cavab verən kəsim yerləridir. Həmin kəsim yerləri 3 hissədən ibarətdir. Birinci hissədə nəzarətlə heyvanın kəsilməsi, ikinci hissədə soyulması, təmizlənməsi, üçüncü hissədə isə qablaşdırılıb və ya hissələrə bölünüb sifarişçiyə təqdim edilməsi həyata keçiriləcək. Sözügedən məntəqələrdə yerli icra hakimiyyəti orqanları tərəfindən tam kommunal şərait yaradılıb, suların axıdılması üçün kanalizasiya sistemi, tullantıların konteynerlər vasitəsilə vaxtaşırı təmizlənməsi və digər xidmətlər tətbiq edilib. 

Eyni zamanda heyvanların toplanması və saxlanılması üçün xüsusi yerlər müəyyən edilib. Həmçinin bizim baytarlıq sanitariya ekspertizası labaratoriyaları da heyvanların həm kəsimdən əvvəl, həm də sonra müayinədən keçirilməsini təmin edəcək. Bütün bunlarla bərabər qurbanlıq məqsədi ilə heyvan yetişdirmiş sahibkarlarımıza da öz heyvanlarını satmaq üçün tam optimal şərait yaradılacaq. Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən təyin edilən yerlərdə satılan heyvanlar həkim laboratoriyasından keçirilmiş və sağlamlıq barədə sənəd verilmiş heyvanlar olacaq. Əgər kimsə hansısa yolun kənarında maşından düşürdüb 5-10 qoyun satırsa onun sağlam olmasına heç kim zəmanət vermir. Bəzən avtomobil yollarının kənarında, məktəb və bağçalara gedən yolların üstündə heyvan kəsirlər ki, bu da çox pis mənzərə yaradır. Müayinədən keçməmiş heyvan təhlükə mənbəyi kimi qəbul olunmalıdır. Çünki həmin heyvan xəstə ola bilər və ya satışa çıxarılmasından qısa müddət əvvəl peyvənd edilmiş ola bilər ki, bu da insan orqanizmində xəstəlik yarada bilər. Bu halların yaşanmaması üçün vətəndaşlar özləri mübarizə tədbirlərinin tətbiqində maraqlı olmalıdırlar”.

Məsələnin aktuallığını nəzərə alaraq “Report” bayram günlərində ət kəsiminin xüsusi məntəqələrdə həyata keçirilməsi ilə bağlı qəssabların da fikrini öyrənib. Qəssablar qanunun tələblərinə uyğun olaraq heyvan kəsimini təyin edilən xüsusi yerlərdə həyata keçirəcəklərini qeyd etsələr də, bu durumdan bir o qədər razı olmadıqlarını ifadə ediblər. Məsələn, Saray qəsəbəsində qəssablıq fəaliyyəti ilə məşğul olan İsmayılov Nazim "Report"a bildirib ki, ət kəsimi üçün təyin edilən yerlərin heç də hamısı tam sanitar qaydalara cavab vermir: “Bayram günlərində çadırtipli yerlər olacaq ki, ət kəsimini orada həyata keçirək. Amma bayramdan sonra yenə ənənəvi kəsim məntələrinə qayıdacağıq. Sumqayıtda yerləşən heyvan bazarında kəsim məntəqələri var. Amma ora getmək bizim üçün heç də sərfəli deyil. Çünki oradakı kəsim məntəqəsi çox səliqəsizdir. Milçək əlindən oranın qapısını açmaq mümkün deyil. Şəxsən mənim dükanım bütün sanitar standartlara cavab verir və həmin kəsim məntəqəsindən qat-qat üstün vəziyyətdədir. Digər tərəfdən, hər gün maşınla heyvanı ora aparmaq əlavə xərcdir. Əlavə olaraq, iribuynuzlu heyvanların hər birinə görə sağlamlıq arayışı üçün 5 manat, xırdabuynuzluların hər birinə görə 4 manat, yer pulu üçün isə hər heyvana görə 5 manat ödəyirik. Bütün bunlar bizim işimizi çox çətinləşdirir. Sizi əmin edə bilərəm ki, heç bir qəssab bu narahatlıqdan razı deyil”.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.