Qurbanlıq heyvan kəsimi və satışı aparılmış yerlərdə dezinfeksiyaya başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri bu gün səhər saatlarından Qurban bayramı ilə əlaqədar paytaxtda və bölgələrdə qurbanlıq heyvanların kəsiminə və satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə ödənişsiz əsaslarla icra olunur. Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilir.

Profilaktik məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusi maşınlarla güclü axın şəklində səpilir, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılır.

Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilir, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunur.

Qeyd edək ki, heyvan satışı və kəsim yerlərində dezinfeksiya işlərinin avqustun 16-da yekunlaşdırılması nəzərdə tutulur.