Goranboyda Xocalıdan olan polis əməkdaşları 26 Fevral soyqırımı qurbanlarını anıblar

Goranboy. 27 fevral. REPORT.AZ/ Goranboy rayonunun Ağcakənd kəndində Xocalıdan olan Polis Şöbəsinin əməkdaşları Xocalı soyqırımını anıblar.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, tədbirin əvvəlində soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rayon icra başçısının müavini Lamiyə Qarayeva öz çıxışında Xocalı soyqırımının erməni qəsbkarlarının azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə yeksan edilib.

Sonra çıxış edən Xocalı sakinləri bu soyqırımının Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını bildiriblər.

Tədbirin sonunda rayon məktəblilərinin hazırladıqları səhnəcik nümayiş etdirilib.