Gürcüstanlı futbolçu "Qəbələ" ilə müqavilə bağlamağa gəlib

Bakı. 11 yanvar. REPORT.AZ/ “Qəbələ” komandası qış fasiləsində heyətinə ilk legioner futbolçu cəlb edib.

Bu barədə “Report”a klubdan məlumat verib. Bildirilib ki, gürcüstanlı Davit Volkovi artıq Bakıdadır. 23 yaşlı mərkəz hücumçusu tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, onunla müqavilə bağlanılacaq.

Sözləşmənin müddəti 1,5 illik nəzərdə tutulub. Son klubu Gürcüstan “Saburtalo”su olan forvard “Qəbələ”yə azad agent statusu ilə gəlib. Volkovi 2018-ci il mövsümündə çempion olan komandasının heyətində 28 matça çıxıb və 8 qol vurub. O, karyerası ərzində iştirakçısı olduğu 126 görüşdə 49 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki,Əyalət təmsilçisi bunadək “Zirə”dən qapıçı Anar Nəzirovu transfer edib. Əvəzində, yarımmüdafiəçi Təmkin Xəlilzadə “Sabah”a, qapıçı Aqil Məmmədov isə “Neftçi”yə keçib.