Gürcüstan hökuməti diasporla bağlı layihələrə maliyyə dəstəyi göstərəcək

“Gürcüstanın Xarici İşlər Nazirliyi diaspora yönəlmiş layihələrin maliyyələşdirilməsi mexanizminin yaradılmasını nəzərdə tutan təşəbbüslə çıxış edib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, diaspor Gürcüstan hökumətinin prioritetlərindən biridir: “Hökumət soydaşların dövlət quruculuğu prosesində maksimal iştirakını təmin etmək, onların milli özünəməxsusluğunun qorunub saxlanılması və Gürcüstanın pozitiv imicinin yaradılması istiqamətində dəstək verməyə çalışır”.

Hökumət başçısı qeyd edib ki, layihələrin maliyyələşdirilməsi ilə bağlı pilot layihə həyata keçiriləcək: “Vətəndaşlarımız layihələrini may ayının 14-dən iyunun 14-dək təqdim edə bilərlər. Əminəm ki, bu layihə uğurlu olacaq və gələcəkdə maliyyələşdirilməsini artıra biləcəyik”.

M.Baxtadze qeyd edib ki, irəli sürülmüş təşəbbüs diaspora öz ideyalarını həyata keçirmək imkanı verəcək.