Xızı sakinlərinin kanalizasiya problemi - VİDEOREPORTAJ

Xızı rayonunun Yeni Yaşma kənd sakinləri kanalizasiya şəbəkəsinin olmamasından əziyyət çəkirlər.

“Report”un Şimal bürosunun xəbərinə görə, yerli sakinlər bildirib ki, problemlə bağlı Xızı Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, məsələ öz həllini tapmayıb.

Kənd sakini Yeganə Quliyeva bildirib ki, kanalizasiya sisteminin olmaması səbəbindən həyətyanı torpaq sahələrində 60 manata sanitar qovşağı üçün quyu qazdırırlar: “Artıq 5 ilə yaxındır ki, mən bu kənddə yaşayıram. Kanalizasiya şəbəkəsinin olmaması bir sıra problemlər yaradır. Ən başlıcası isə ekologiya korlanır və antisanitariya vəziyyəti yaradır. Kənd sakinləri adından imzalı müraciət hazırlayaraq Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qəbulunda olaraq şəxsən özünə təqdim etmişəm. Qəbul zamanı icra başçısı problemin Prezident İlham Əliyevin sərəncamı əsasında qısa müddət ərzində həll olunacağını bildirdi”.

Sakinlər bildirib ki, Yeni Yaşma kəndində Prezident İlham Əliyevin imzaladığı "Regionların Sosia-İqtisadi İnkişafı" Dövlət Proqramı çərçivəsində son vaxtlarda bir sıra abadlıq və tikinti işləri aparılıb: “Biz deyə bilmərik ki, kəndimiz tamamilə diqqətdən kənarda qalıb. Son illərdə kəndin əsas yolu asfaltlaşdırılıb, qaz xətləri yenilənib, işıq və su problemimiz həll olunub. Bircə qalıb kanalizasiya problemimiz. Bu da həll olunsa, heç bir dərdimiz olmaz”.

"Report"un çəkilişi zamanı əraziyə gələn Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Arzu Əzizov kənd sakinləri ilə görüşüb. O bildirib ki, kəndin bütün problemləri həll olunub: “Necə ki, kəndin bütün problemləri öz həllini tapıb, kanalizasiya ilə bağlı məsələlər də zamanı gələndə həll olunacaq”.