ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən respublikamızın bölgələrində və nazirliyin inzibati binasında 660 vətəndaş fərdi qaydada qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Report"a verilən məlumata görə, nazirin müavinləri və nazirliyin Aparat rəhbəri, Aparatın şöbə müdirləri və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu və Xidmətlərin rəhbərləri 3776 vətəndaşı qəbul ediblər. Qəbul otağında isə 26 227 vətəndaş qəbul olunub.

Ümumilikdə nazirliyin rəhbər şəxsləri və əməkdaşları tərəfindən ötən il ərzində 30,6 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib.

Eyni zamanda, ötən il nazirliyə məktub, ərizə və elektron qaydada edilmiş 495 min 158 müraciət, 142 - Çağrı mərkəzi vasitəsilə 247 min, sosial şəbəkələr (facebook, instagram səhifələri) vasitəsilə 10 min 902, iş telefonları vasitəsilə 5039 müraciət olmaqla, ümumilikdə 758 min 124 vətəndaş müraciəti cavablandırılıb.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.