Polad Bülbüloğlu: "Xocalını yenidən quracaq, üzərində bayrağımızı dalğalandıracağıq"

Bakı. 26 fevral. REPORT.AZ/ Fevralın 25-də Rusiyanın paytaxtı Moskva şəhərindəki Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.

“Report” xəbər verir ki, anım gecəsində əvvəlcə rejissoru Vaqif Mustafayev, operatoru Seyidağa Mövsümlü olan “Öz dərdimi çəkirəm” qısametrajlı film təqdim olunub.

Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmlə bağlı təəssüratlarını bölüşüb.

“Ekranda bu gördüklərimizdən sonra danışmaq çətindir. Bu kadrları kim çəkibsə, qarşısında baş əymək lazımdır. Günahkarlar məhkəməyə çıxanda həmin kadrlar çox lazım olacaq”, - deyən səfir Xocalı soyqırımı zamanı 613 insanın qətlə yetirildiyini, 487 nəfərin yaralandığını, 150 nəfərin itkin düşdüyünü, 1275 sakinin də əsir və girov götürüldüyünü xatırladaraq həmin hadisələr barədə danışıb.

“Bu hadisələrdə əli olanlar cəzasına çatmayınca, biz hamımız özümüzü xocalı hesab etməli, Xocalıda törədilən soyqırımının dünya birliyi tərəfindən tanınmasına çalışmalıyıq”, - deyə vurğulayan diplomat bu günədək 16 ölkənin parlamenti və ABŞ-ın 19 ştatı tərəfindən həmin cinayətin rəsmən pislədiyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyəti barədə danışıb.

“Ötən 27 il ərzində doğma yurdundan uzaqda doğulub böyüyən xocalılar o məşum gecəni görməyiblər, amma ata-babaları kimi bir gün doğma yerlərə dönməyi arzulayırlar. Mən də buna inanıram. Mütləq oraya qayıdıb Xocalını yenidən quracaq, üzərində bayrağımızı dalğalandıracağıq”, - deyə səfir bildirib.

Daha sonra millət vəkili Rasim Musabəyov Xocalı faciəsilə bağlı fikirlərini bölüşüb: “Bu əməliyyat qorxu, vahimə yaratmaq məqsədilə həyata keçirilmişdi ki, dinc əhali erməni hərbçilərinin qabağından qaçsın, dədə-baba yurdunu tərk etsin. O vaxtlar Qarabağda 130 min erməni və 700 min azərbaycanlı yaşayıb, Xocalı müsibətindən sonra isə azərbaycanlı əhali öz ev-eşiklərini qoyub getdilər”.

Xocalıda qətlə yetirilən dinc, günahsız uşaqlar, qadınlar, qocaların xatirəsi qarşısında baş əydiyini deyən Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar bu hadisələrin yaddan çıxmamasının və bir daha təkrarlanmamasının vacibliyini vurğulayıb: “Gördüyümüz bu film məhkəmə üçün şahid ifadəsidir. Hərçənd bu məhkəmənin nə vaxt qurulacağını deyə bilmərəm. Bu, əvvəlcədən hazırlanan məqsədli qanlı əməliyyatdır ki, münaqişənin həlli üçün imkan qalmasın, qorxu və vahimə toxumları səpilsin. Bütün bunları biz gənc nəsilə, bütün ölkələrin gənclərinə çatdırmalıyıq”.

Azərbaycanın Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov Xocalı qatillərinin məhkəmə qarşısına çıxartmağın vacib olduğunu dilə gətirib: “Qurbanların bircə təqsiri vardı ki, onlar azərbaycanlı olub. Bu soyqırımı Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə siyasətinin davamıdır. Əfsuslar olsun ki, hələ də günahkarların cəzalandırmasına nail ola bilməmişik. Dünya birliyi Ruanda, Livan, başqa ölkələrdəki kütləvi qırğınlarla bağlı beynəlxalq məhkəmələr qurub, Azərbaycandakı bu kütləvi qırğının baiskarlarını cəzalandırmaq üçün isə heç bir iş görülməyib. Burada ikili standart siyasətini görürük”.

Rəsmi hissə başa çatandan sonra soyqırım qurbanlarının xatirəsinə ehsan verilib.

İqbal Rüstəmov