Maliyyə Bazarlarına Nəzarət Palatasında “MasterCard Worldwide” təşkilatının nümayəndələri ilə görüş keçirilib

Bakı. 15 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) baş icraçı direktoru İbrahim Alışov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Türkiyə və Azərbaycan üzrə yeni təyin edilmiş baş meneceri Yigit Çağlayan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Palataya istinadən xəbər verir ki, görüşdə nağdsız ödənişlər və ödəniş kartları sahəsində cari vəziyyət və inkişaf tendensiyaları, “MasterCard Worldwide” ilə birgə əməkdaşlıq çərçivəsində 2017-ci il ərzində həyata keçirilən layihələr müzakirə edilib.

İ.Alışov bank sistemində rəqəmsal transformasiyasının sürətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini, elektron ödənişlərdə innovasiyaların tətbiqinin zəruri olduğunu qeyd edib. O, həmçinin, beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının mühüm iştirakçısı kimi aparıcı rolunu və cəlb olunduğu layihələrin iqtisadi əhəmiyyətini vurğulayıb.

Görüşsə bu il ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsinin formalaşdırılması, innovativ ödəniş texnologiyalarının və həllərinin tətbiqinin genişləndirilməsi, maliyyə sektorunda çalışan mütəxəssislərin nağdsız ödənişlər sahəsində mövcud potensialının daha da təkmilləşdirilməsi, “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş digər prioritet istiqamətlər üzrə birgə fəaliyyətin zəruriliyi qeyd edilərək, əməkdaşlığın bundan sonra daha sıx formada davam etdiriləcəyinə əminlik ifadə edilib.