Deputat bahalı avtomobilinin olması ilə bağlı iddiaya münasibət bildirib

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli 250 min manatlıq avtomobilinin olması ilə iddiaya münasibət bildirib.

T.Kərimli "Report"a açıqlamasında deyib ki, bu iddianın əsası yoxdur.

Deputatın sözlərinə görə, sürücüsünün idarə etdiyi "BMW" markalı avtomobil 2004-cü il istehsalıdır: "Bu avtomobilin qiyməti 250 min manat necə ola bilər?! Əsası olmayan belə fikirləri mühacirətdə yaşayan biri tirajlayır. Onun qeyri-ciddi açıqlamalarına reaksiya vermək fikrim yox idi. Hətta bir dəfə demişdi ki, Tahir Kərimli İsmayıllıda işlədiyi vaxtda bir qadını üç dəfə eksqumasiya etdirib... İndi də daha bir yalan tirajlayıb. Bir başqası da demişdi ki, Tahir Kərimlinin qardaşına tikinti şirkəti hədiyyə edilib. Təəssüf edirəm ki, bəzi insanlar belə yalanlara inanırlar. Deyir ki, Tahir Kərimlinin əvvəllər heç nəyi yox idi, indi isə 200-300 min manatlıq avtomobil idarə edir. Əksinə, sovet dövründə qardaşlarımın, yeznələrimin, özümün ən müasir avtomobillərimiz var idi. Amma indi nə qardaşlarımın, nə övladlarımın avtomobili var. Oğlum dostunun "Niva" markalı avtomobilini idarə edir. Heç nəyim yoxdur, hər şeyimi itirmişəm, amma əvəzində dövlətimiz azad, müstəqil olub. İyirmi iki il maaş almamışam, qohumlarımın da bir hissəsi az müddət öncə müvəqqəti işlə təmin olunub. İxtiyarımda olan avtomobil Vəhdət Partiyasının qeydiyyatındadır. Bahalı avtomobilim də ola bilər, buna görə kimsə mənə söz deyə bilməz. Məmur deyiləm ki?! Bahalı avtomobilim yoxdur, təki olaydı… Açığı, avtomobili yeniləmək fikrim var, bu da təbii ki, imkana baxır… İnşallah, yeniləyəcəyik. Yalan informasiyalarla insanları gözdən salmaq olmaz. Biz deputat olmamışıq ki, özümüzə hansısa şəraiti quraq... Əməkhaqqımızı alırıq, vətənimizə, seçicilərimizə xidmət edirik".