ABA "Kreditorların hüquqlarının müdafiəsi haqqında" qanunun qəbulunu təklif edir

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda borcalanların hüquqları kifayət qədər qorunduğu halda, borcverənlərin hüquqları əksər hallarda pozulur.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bəzən banklardan aldığı borcu qaytarmayan vətəndaşa qarşı məhkəmə prosesi 10 ilə qədər çəkir: “Pulunu tələb edən bankın özünə qarşı iddia qaldırılır, ondan kredit müqaviləsinin ləğvi istənilir. Halbuki, bankın vəsaiti borcalanda olub, o, bundan istifadə edib və geri qaytarmayıb, son nəticədə borcverənin hüquqları pozulub”.

Z.Nuriyev təklif edib ki, vəziyyəti düzəltmək üçün Azərbaycanda “Kreditorların hüquqlarının müdafiəsi haqqında" da qanun qəbul edilsin: “Əks təqdirdə, kredit bazarının sürətli inkişafı, iqtisadiyyata lazımı səviyyədə vəsait qoyuluşu mümkün deyil. Banklara qarşı əsassız təqiblərə son qoyulmalıdır. Ola bilməz ki, banklar kredit versin, daha sonra onlardan güzəşt tələb edilsin. İntizamlı müştəri ilə intizamsız müştəri arasında fərq qoyulmalı, sonuncuya qarşı lazımı hüquqi tədbirlər görülməlidir”.