Novak: "OPEC+ Monitorinq Komitəsi dünya iqtisadiyyatının artım tempinin yavaşlaması problemini müzakirə edəcək"

OPEC+ Nazirlər Monitorinq Komitəsi (JMMC) bazardakı vəziyyəti qiymətləndirir, hasilatın azaldılması üzrə daha böyük kvotaların məqsədəuyğunluğu məsələsi isə onun səlahiyyətlərinə daxil deyil.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

"Bu yaxınlarda birgə fəaliyyətimiz barədə 9 aylıq müddətinə qərar qəbul etdik. Monitorinq edəcəyik. JMMC-nin məqsədi daim yeni təkliflər yaratmaq yox, ilk növbədə, dünya bazarlarındakı mövcud vəziyyəti qiymətləndirmək və razılaşmanın nə dərəcədə həyata keçirildiyini araşdırmaqdır. Sabah məhz bu məsələləri müzakirə edəcəyik", - deyə o hasilatın daha da azaldılması ehtimalını müzakirə etməyi məqsədəuyğun hesab edib-etməməsi barədə sualı cavablandırarkən söyləyib.

Qeyd edək ki, İraqın neft naziri Tamer əl-Qadban JMMC-nin sentyabrın 12-də keçiriləcək iclasında hasilatın 2018-ci ilin oktyabr ayındakı səviyyəsindən 1,2 milyon barel/sutkadan çox azaldılmasının zəruriliyini müzakirə edə biləcəyini bildirib. Onun sözlərinə görə, bu, ekspertlərin hansı nəticəyə gəlməsindən və tövsiyələrindən asılıdır.

Novak həmçinin qeyd edib ki, OPEC+ Monitorinq Komitəsi dünya iqtisadiyyatının artım tempinin yavaşlaması problemini də müzakirə edəcək.