"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi əhali sektoru üzrə 59 419 yeni abunəçini qeydiyyata alıb. 

"Report" quruma istinadən xəbər verir ki, bunun 32 619-u Bakı, Abşeron və Sumqayıtın, 26 min 800-ü isə regionların payına düşüb. 

Təkcə avqustda isə əhali sektoru üzrə 5 078 yeni abunəçi qeydiyyata alınıb ki, bunun da 3 040-ı Bakı, Abşeron və Sumqayıtın, 2 038-i isə regionların payına düşüb.

Beləliklə, bu il sentyabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunmuş abunəçilərin sayı 2 242 350-yə bərabər olub. Bunun 2 211 548-i əhali, 30 802-si qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 863 397, regionlar üzrə isə 1 378 953 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.