Nigeriyada neft kəməri partlayıb, 7 nəfər ölüb - VİDEO

Nigeriyanın iqtisadi paytaxtı Laqos şəhərinin şimal-şərqində Nigeriya Milli Neft Korporasiyasının magistral boru kəmərindən qanunsuz çəkilən yeraltı boru kəmərində partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb.

Polis qeyd edir ki, Alimoşo rayonunda yaşayış məntəqəsinin yaxınlığından keçən neft boru kəmərinə bir neçə "qol" əlavə edilib, çox sayda avadanlığın olması və yaradılan infrastruktur qanunsuz biznesin xeyli müddətdir mövcud olduğunu göstərir.

Partlayışdan sonra yanğın başlayıb, yanğın yaxınlıqdakı evlərə yayılıb.

Polis neft oğurluğunda şübhəli bilinən bir neçə şəxsi saxlayıb. Bu, son aylarda Alimoşo bölgəsində boru kəmərində baş verən üçüncü partlayışdır. Əvvəlkilər kimi, bu da qanunsuz olaraq "qara qızıl" əldə etmək cəhdləri səbəbindən baş verib.