Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Lənkəran. 20 yanvar. REPORT.AZ/ Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, faciənin 28-ci ildönümü şəhidlərin ruhuna ehtiramla qeyd olunub. 

Bu münasibətlə səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad edib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə əklillər düzüblər. İcra başçısı şəhid ailələrinin üzvləri ilə görüşərək söhbət edib və onların qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 5-i Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə şəhid olub, 1 nəfəri isə rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlamaqla amansızcasına boğularaq öldürülüb.

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə abidə kompleksi ucaldılıb, şəhidlərin adları küçələrə verilib, məzarları ətrafında abadlıq-bərpa işləri görülüb.

Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.