Azərbaycanda karate yarışları ABŞ şirkətinin proqramı ilə keçiriləcək

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təqviminə daxil edilən respublikadaxili yarışlar, "Uventex Labs" şirkətinin proqramı ilə təşkil ediləcək.

“Report” xəbər verir ki, ABŞ-ın "Uventex Labs" şirkəti artıq 5 ildir ki, müxtəlif idman tədbirlərinin idarə edilməsi, eləcə də idman kompleksləri və studiyalar üçün dünya səviyyəli məhsul təqdim edir.

Şirkətin müəllif məhsulu indiyədək döyüş idman növləri, gimnastika, rəqs və bir sıra idman növlərində minlərlə turnirin təşkil olunmasında effektli istifadə edilib. Bu xüsusi proqram idman yarışlarının keçirilməsinin avtomatlaşdırılması və bütün proseslərin idarə olunmasına nəzarət etməyi təmin edir. Buraya yarış iştirakçılarının qeydiyyatı, turnir zamanı xalların daxil edilməsi, maliyyə hesabatları və digər əhəmiyyətli məqamlar daxildir.

"Uventex Labs" həmçinin Milli Olimpiya Komitələri, federasiyalar və liqaların dünya səviyyəsində menecmenti işlərini təqdim edir. Şirkət yeni yaranmasına baxmayaraq təcrübəli mütəxəssislərdən ibarət komanda ilə yanaşı, məhsullarını daimi təkmilləşdirir və dünya ölkələrində idman təşkilatları ilə əməkdaşlıq coğrafiyasını genişləndirməkdə davam edir.

Bu il 20 yanvar şəhidlərinin xatirə turniri ilə birgə, 10-cu “Baku Open” Beynəlxalq Karate Turniri, ABŞ-ın "Uventex Labs" şirkətinin proqramı ilə Azərbaycanda keçirilən ikinci karate yarışıdır. Şirkətin məhsulu hər iki turnirdə uğurla istifadə edildiyindən, Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi "Uventex Labs"-la rəsmi əməkdaşlıq etməyi qərara alıb.

Tərəflər arasında rəsmi müqaviləni AMKF-in prezidenti Yaşar Bəşirov və "Uventex Labs" şirkətinin rəhbəri Moşe Gerşberq və regional menecer Sergii Spasiçenko imzalayıb. Şərtlərə əsasən 2020-ci ilin sonunadək Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə keçirilən ölkədaxili yarışlarda şirkətin təqdim etdiyi avtomatlaşdırılmış idarəetmə proqramından istifadə ediləcək.