Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin ilk günündə 3 medal qazanıb - YENİLƏNİB

İlk yarış günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxıb

İlk yarış günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 3 çəki dərəcəsi üzrə 4 təmsilçisi tatami üzərinə çıxıb.

Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub. Günün yekununda 3 bürünc medal qazanılıb. Həmin medallara Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov sahib çıxıb. Bürünc medal görüşündə Heydərova uduzan Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov isə 5-ci yerlə kifayətlənib.

60 kq çəki dərəcəsindəki Orxan Səfərov əvvəlcə cənubi koreyalı İn Hyuk Çoyla qarşılaşıb. Səfərovun vazari xalı ilə qələbə qazanaraq, 1/8 finala yüksəlib. Onun növbəti rəqibi qazaxıstanlı Qusman Kırgızbayev olub. Bu dəfə də Azərbaycan təmsilçisi vazari xalı ilə qalib gəlib. 26 yaşlı idmançının 1/4 finaldakı rəqibi fransalı Vensan Limar olub. Bu dəfə də Səfərov 2 vazari ilə qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Finala gedən yolda onun rəqibi yaponiyalı Naohişa Takato olub. Bu dəfə ipponla uduzan Səfərov bürünc görüşündə braziliyalı Erik Takabatakeni vazari ilə yenərək, fəxri kürsüyə qaxmağı bacarıb.

66 kq çəkidə yer alan Nicat Şıxəlizadə çinli Daqa Qinqi sınağa çəkib. Rəqibinə 3 vazari xalı ilə qalib gələn Şıxəlizadə 1/8 finalda belçikalı Kennet van Qansbekeyə rəqib olub. Bu görüşdə Azərbaycan cüdoçusu 1 dəqiqə 46 saniyəyə ipponla qələbə qazanıb. 1/4 finalda 29 yaşlı idmançının rəqibi rusiyalı Anzaur Ardanov olub. Lakin bu dəfə Şıxəlizadə 33 saniyəyə ipponla uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə israilli Tal Flikkeri yenərək, bürünc medal görüşünə vəsiqə qazanıb. Şıxəlizadə bu dəfə kanadalı Antuan Buşarı 2 vazari ilə yenərək, Azərbaycanın aktivinə növbəti medalı yazdırıb.

73 kq-da Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov qazaxıstanlı Yeldos Jumaxanovla görüşüb. Rəqibini 3 vazari ilə üstələyən Orucov 1/8 finalda potuqaliyalı Jorje Fernandeşlə qarşılaşıb. Bu dəfə Azərbaycan təmsilçisi 2 vazari ilə qələbə qazanıb. Onun 1/4 finaldakı rəqibi çinli Sayyinjirqala olub. Bu dəfə də Orucov vazari xalı ilə qalib gəlib. Yarımfinalda 26 yaşlı idmançının rəqibi cənubi koreyalı Çanqrim An olub. Görüşü məğlub başa vuran Orucovun bürünc medal qarşılaşmasında rəqibi eyni çəkidəki Hidayət Heydərov olacaq. Heydərov isə əvvəlcə honq konqlu Kvok Uinq Lini 55 saniyəyə ipponla yenib. 1/8 finalda Heydərov rusiyalı Uali Kurjevə də ipponla qalib gəlib. 1/4 finalda onun rəqibi yaponiyalı Soişi Haşimoto olub. Azərbaycan təmsilçisi bu dəfə vazari ilə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə fransalı Loik Korvalı yenib. Orucov - Heydərov görüşünün nəticəsindən asılı olmayaraq, Azərbaycanın aktivinə daha bir bürünc medal yazılıb. Amma onların qarşılaşmasının taleyi "qızıl xal"la həll olunub. Əsas vaxtda xal qazanılmadığı üçün 1 dəqiqəlik əlavə vaxtda gənc və perspektivli Heydərov fənd tətbiq edərək, görüşü qələbə ilə başa vurub və karyerasında ilk dəfə "Böyük Dəbilqə"nin medalına yiyələnib.

Qeyd edək ki, daha 2 çəkidəki 4 cüdoçu fevralın 12-də mübarizəyə qoşulacaq.