Azərbaycan-Pakistan iqtisadi əlaqələri müzakirə edilib

"Azərbaycanlı investorlar Pakistan iqtisadiyyatının potensiallı sektorlarına investisiya qoymağa can atır".

"Report" xəbər verir ki, bunu "Sarhad Ticarət və Sənaye Palatasında" cıxışı zamanı Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

Səfir Azərbaycanın Pakistanla ticarət, iqtisadi və mədəni əlaqələrin yaxşılaşdırılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Diplomat ölkəsini xarici investorlar üçün cəlbedici bir məkan adlandırıb və Pakistanın işgüzar cəmiyyətini Azərbaycanın informasiya texnologiyaları, proqram mühəndisliyi, turizm və digər potensial sektorlarına investisiya qoymağa çağırıb.

Görüşdə müxtəlif sektorlardakı investisiya imkanları və əməkdaşlığın genişləndirilməsi, müştərək müəssisələrin açılması, işgüzar heyətlərin mübadiləsi və iki ölkə investorları arasında təmasların genişləndirilməsi imkanları müzakirə edilib.

Qarşılıqlı münasibətlərdən danışan Sarhad Palatasının sədri Maqsud Ənvər Azərbaycanı hidroenergetika, neft və qaz, mayeləşdirilmiş qaz, mədən, mineral daşlar və digər potensial sahələrdə investisiya qoymağa dəvət edib. Pakistan ilə Azərbaycan arasında iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayan sədr ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafına təkan vermək üçün birgə səyləri artırmağa çağırıb.

Daha sonra, Sarhad Palatasının keçmiş prezidenti Faiz Məhəmməd Faizi və digər işgüzar cəmiyyət üzvləri qarşılıqlı ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılması üçün bir sıra tövsiyələr veriblər.

Sonda səfir bəzi tövsiyələrlə razılaşdığını iş birliyini, ticarət və iqtisadi əlaqələri gücləndirmək üçün Azərbaycanın prioritet sahələrdə pakistan investorlarına üstünlük verəcəyini bildirib.