​İŞİD Suriyada qadınları hərraca çıxarır

Zeynəb Banqura: "Söhbət etdiyim qızlardan biri 22 dəfə alınıb-satıldığını dedi"

Zeynəb Banqura:

Bakı. 21 may. REPORT.AZ/ İŞİD silahlı qruplaşması ələ keçirdiyi Suriya ərazilərində insan alverini gücləndirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin cinsi zorakılıq üzrə özəl təmsilçisi Zeynəb Banquranın hazırladığı hesabatda bildirilib.

"Son zamanlar İŞİD-in vəhşiliyi yeni mərhələyə keçib. Onlar qadın alveri ilə məşğul olurlar. İŞİD-in ideologiyasına uyğun olaraq, qadınlar və qızlarla heyvan kimi davranırlar", - hesabatda vurğulanıb.

Z.Banqura buna nümunə olaraq, terrorçuların ələ keçirdikləri Rakka şəhərində cinsi qul bazarı açdıqlarını göstərib: "Onlar həmin bazara ən gözəl yeniyetmə qızları aparırlar. Həmin qızları bazarda hərraca çıxarırlar".

Hesabatda bildirilib ki, hərraca çıxarılanlar arasında türkmən, kürd, ərəb, habelə xristian qızlar və qadınlar da var: "Söhbət etdiyim qızlardan biri 22 dəfə alınıb-satıldığını dedi. Başqa bir qız bildirdi ki, qaçmaq istəyəndə onu "sahibi" olan şeyx tutub. Şeyx ona məxsus olduğunu təsbit etmək üçün həmin qızın əlinin üstünə öz adını yazıdırb".