Bakıya gələn məşhur boksçuların iştirakı ilə mətbuat konfransı keçirilib

Onlar WBC-nin Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirak edəcəklər

Onlar WBC-nin Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirak edəcəklər

Bakı. 1 oktyabr. REPORT.AZ/ Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyasında iştirak etmək üçün Azərbaycana gələn məhşur döyüşçülərin iştirakı ilə mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, konfransda Avropa Boks İttifaqının prezidenti Bob Loqist, tanınmış boksçular - Evander Holifild, Bernard Hopkins, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisay, Viktor Postel, Azumah Nelson, Kristina Hammer, azərbaycanlı əlcək sahibləri Fərhad Acalov, Rövşən Hüseynov və digər tanınmış boksçular iştirak ediblər.

E.Holifild bildirib ki, Bakıda olmaqdan şaddır:

"Mənim üçün böyük şərəfdir. Səkkiz yaşında olanda düşünmüşdüm ki, çempion ola bilərəm. Dörd dəfə buna nail oldum. Bu gün isə WBC-nin tədbirindəyəm".

O, bir müddət əvvəl Konor Makqreqor və Floyd Meyvezer arasında baş tutan döyüşün şou olması ilə bağı iddialara da münasibət bildirib:

"Biri deyəndə ki, mən səndən yaxşıyam, bu idman növünün adını alçaldır. Makqreqor güclüdür. Dirsəkləri ilə yaxşı işləyirdi. Çevikliyi ilə qalib gələ bilərdi. İnsanlar boksu sevir. Boksu sevənlər bunu da xoşlayacaqlar. Əsas məsələ odur ki, rəqibin güclü olsun. Bu döyüşün boks adına xələl gətirdiyini düşünmürəm. Mayk Taysonla dəfələrlə döyüşümüz olub. Onun 17, mənim 21 yaşım vardı. Üçüncü raundda onu küncə sıxmışdım. Mən anamdan qorxurdum, ondan deyil. Bu cür məşhur boksçu ilə döyüşmək fürsətim olub. O vaxt insanlar yalnız bizdən danışırdı".

B.Hopkins deyib ki, tədbirdə iştirak etdiyi üçün Azərbaycanın Gənclər və İdman Nazirliyinə, eləcə də WBC-ə minnətdardır:

"Bu qurum xüsusi yerə malikdir. Onların təşkil etdiyi yarışlarda heç bir tərəddüd olmur. Mötəbər qurumdur. Həm maraqlı vaxt keçririk, həm də ciddi müzakirələr aparırıq".

K.Sarate çıxışında konfransda iştirak edən çempionlar arasında yaşca hamıdan böyük olmasına diqqət çəkib:

"Burda ən yaxşlı döyüşçüyəm. Mən çempion olanda burdakıların çoxu düyaya gəlməmişdi. Uzun illərdi bu cür tədbirlərdə iştirak edirəm. Bu cür boksçularla bir mərasimdə olmaq tarixi hadisədir".

A.Nelson boksda son nəfəsinə qədər olacağını deyib: "Uşaqlarımızı öyrətməliyik. Boksda əsas uğur WBC çempionluğudur".

K.Tszyu isə çıxış zamanı Azərbaycanın keçmiş SSRİ ölkəsi olmasına diqqət çəkib:

"Azərbaycan SSRİ-nin tərkibində olub. Burda məni çox adam tanıyır. İttifaqı təmsil etmişəm. Bu ənənəni yeni nəslə ötürmək vacibdir. Azərbaycanın niyə peşəkar boksçuları yoxdur? Hazırlıq məsələsi çox önəmlidir. Müxtəlif məşqlər var. Düzgün məşqçi heyəti varsa, hər şey alınacaq. Promoyterlər də tapmaq lazımdır. Əsas odur ki, istək olsun".

Y.Arbaçakov isə WBC çempionlarının hər zaman zirvədə olmasını arzulayır:

"Bu adı qazanmışam və adımı 9 dəfə müdafiə etmişəm".

F.Acalov bildirib ki, mərasimin Bakıda keçirilməsi Azərbaycan üçün əlamətdar bir hadisədir:

"Bizim peşəkar boksçularımız üçün böyük təkan olar. İstərdim ki, WBC kəmərini azərbaycanlılar da qazansınlar. Buna inanıram".

R.Hüseynov isə ən güclü boksçuların, tanınmış simaların Bakıya gəlməsinə sevindiyini bildirib.

Qeyd edək ki, Dünya Boks Şurasının (WBC) Bakıda keçiriləcək 55-ci Konvensiyası oktyabrın 2-də işinə başlayacaq.