Heydər Əliyevlə bağlı Türkiyə və Gürcüstanda anım tədbiriləri keçiriləcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dekabrın 10-dan Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

MM-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, deputatlar ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər. Mərasimə hər iki ölkənin rəsmi şəxsləri, siyasi xadimlər, diaspor üzvləri, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Toplantı iştirakçıları ulu öndərin şərəfli ömür yolu, Azərbaycan xalqının həmrəyliyi, dövlətimizin möhkəmlənməsi yolunda yürütdüyü müdrik siyasət barədə fikirlərini söyləyəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.

Səfər dekabrın 13-də başa çatacaq.

Heydər Əliyev Gürcüstanda da anılacaq. Azərbaycan Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və qrupun üzvü Rasim Musabəyov ulu öndər Heydər Əliyevin anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcəklər.