Respublikanın yaradıcı təşkilatları İlham Əliyevin namizədliyini dəstəkləyir

Növbədənkənar Prezident seçkilərinə həsr olunan toplantı keçirilib

Növbədənkənar Prezident seçkilərinə həsr olunan toplantı keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında respublikanın yaradıcı təşkilatlarının aprelin 11-də keçirilməsi planlaşdırılan növbədənkənar Prezident seçkilərinə həsr olunan toplantısı keçirilib.

"Report" xəbər verir ki, müşavirədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Azərbaycanda dövlət səviyyəsində aparılan işlərdən söz açıb, son illərdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafı naminə aparılan uğurlu siyasətdən danışıb. O, Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə sonsuz qayğısından, gənc və yaşlı yazıçılara diqqətindən, AYB-nin 80 illik yubileyinin yüksək səviyyədə keçirilməsinin təmin olunmasından söhbət açaraq bütün bunların qarşıdakı seçkidə ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməyə əsas yaratdığını söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib ki, Heydər Əliyev Fondunun prezidentinin səyi nəticəsində muğam, tar, aşıq sənəti YUNESKO-nun siyahısına daxil olub: "Bu gün çox böyük ruh yüksəkliyi ilə tədbirlərə hazırlaşırıq. Ulu öndərin 95 illiyinə hazırlaşırıq, Qara Qarayevin 100 illiyi ilə bağlı silsilə tədbirlər olacaq. Bilirsiniz ki, Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib, biz də istəyirik ki, İlham Əliyev dördüncü dəfə prezident seçilsin".

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə vurğulayıb ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində öz istedadı ilə tanınıb, sevilib: "Bu gün də xalqımızın sənəti inkişaf edir, yaşayır. Memarlıq sənəti intibah dövrünü yaşayır. Bu xarici həmkarlarımızda həm təccüb, həm də heyrət hissi yaradır. Kasıb ölkədə memarlıq inkişaf edə bilməzdi. Azərbaycan artıq 20 ildən çoxdur Beynəlxalq Memarlar İttifaqının üzvüdür. Son illər Azərbaycan Memarlar İttifaqı tərəfindən 25 adda kitab çap olunub. Bu, heç vaxt baş verməyib. Bu gün İttifaqın İdarə Heyətinin 51 üzvü buradadır. Biz seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik".

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyib ki, İlham Əliyevin işləri göz qabağındadır: "Bu başqa cür ola da bilməzdi. Bu gün ölkəmizdə yaradıcı insanlara böyük diqqət göstərilir. Bizim sonuncu Moskvada keçirilən sərgimizin təşkilatçısı Heydər Əliyev Fondu olub. Bu bir hadisə idi. Rusiyanın ən görkəmli rəssamları sərgi ilə bağlı ən xoş və səmimi hislərini bildirirdi".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova bildirib ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan kinosu ümumittifaq kino sənətində layiqli yer tutdu: "Kinolarımız SSRİ və Azərbaycan mükafatlarına layiq görüldü, kino xadimləri fəxri adlar aldı. Bu gün Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Azərbaycanda Film Fondu yaradılıb, müasir filmləri çəkə biləcəyimiz yeni studiya var. Bu gün kinematoqrafların bir namizədi var, o da Prezident İlham Əliyevdir. Biz yekdilliklə onu seçəcəyik, biz ona sadiqik və hər zaman da onun yanındayıq".

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov qeyd edib ki, Prezident İlham Əliyevin gördüyü işlər göz qabağındadır: "O, Azərbaycanın inkişafı naminə yorulmadan çalışır. Bu gün Azərbaycanla hesablaşmayan ölkə yoxdur. Son illər ölkəmizdə teatrlar yenidən qurulub, təmir olunub, ən müasir avadanlıqlarla təchiz edilib, teatrla bağlı qanunvericiliyə dəyişiklik edilib. Bu qanunlar Azərbaycan teatrının yenidən qurulmasına təkan verib. Bizim də teatr xadimləri olaraq yeganə namizədimiz yalnız Prezident İlham Əliyevdir".

Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli vurğulayıb ki, bu müqəddəs məkanda böyük sənətkarların ruhu yaşayır: "Burada keçirilən konsertlərdə Heydər Əliyev də iştirak edib. Mədəniyyət böyük ordudur və onların gördüyü iş dünyada Azərbaycanın nəyə qadir olduğunu göstərir. Biz hər zaman dövlət başçımızla görüşüb problemləri həll edirik, İlham Əliyev mədəniyyətə hər zaman diqqət yetirir. Biz istərdik ki, ildə bir dəfə Prezident İlham Əliyev sənət adamları ilə bu zalda görüşsün və biz öz sözlərimizi ona çatdıraq".

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bildirib ki, ölkədəki iqtisadi, mədəni, ictimai inkişafı görməmək mümkün deyil: "Bu yenilik gözümüzün qarşısında olub. Bunların əsası ulu öndər tərəfindən qoyulub. Biz dünyanı gəzirik və hər yerdə İlham Əliyev yenilikçi bir dövlət başçısı kimi dəyərləndirilir. Prezident İlham Əliyev siyasi nüfuzu, avtoriteti olan bir şəxsiyyətdir. Azərbaycanın böyük sənət ordusunun ən böyük xidmətləri ölkəni dünyaya tanıtmaqdır və bu yolda ondan yaxşı bizi irəliyə aparan sima görmürük".

Tədbir xalq yazıçısı Çingiz Abdullayev, xalq artistləri Amaliya Pənahova, Afaq Bəşirqızı, Hacı İsmayılov və bir sıra tanınmış incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda yaradıcı təşkilatlar adından müraciət qəbul olunub.