Azərbaycan nümayəndə heyəti EOC-un Baş Assambleyasına qatılacaq

Çingiz Hüseynzadə İcraiyyə Komitəsinə üzv seçilə bilər

Çingiz Hüseynzadə İcraiyyə Komitəsinə üzv seçilə bilər

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsininın iclası və 46-cı Baş Assambleyasına qatılacaq.

"Report"un məlumatına görə, üç gün davam edəcək toplantıya gənclər və idman naziri Azad Rəhimov, EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov yollanacaq. 

Noyabrın 23-də Ç.Hüseynzadə üzvü olduğu EOC İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. Növbəti iki gün ərzində isə EOC Baş Assambleyasının iclası keçiriləcək. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, EOC-un icraçı prezidenti Yaneş Kosyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcək. Assambleyada EOC-un illik hesabatı müzakirə olunacaq.

Həmçinin 2018-ci il Pxençxan və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2024-cü il Paris Yay Olimpiya Oyunlarının məruzələri dinləniləcək. EOC Baş Assambleyası çərçivəsində “VII Pyotr Nurovski - Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.

Əlavə olaraq, Yeniyetmələrin Avropa Olimpiya festivallarının, o cümlədən 2019-cu ildə Bakıda təşkil olunacaq bu tədbirin təqdimatı olacaq. EOC-un 47-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.

Bu il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, 2017 - 2021-ci illər üzrə EOC İcraiyyə Komitəsinin üzvləri və rəhbərliyinin seçkisi keçiriləcək. 

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin yenidən EOC İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülüb.