Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb

Məqsəd beynəlxalq arenalarda Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılmasıdır

Məqsəd beynəlxalq arenalarda Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılmasıdır

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən10-cu Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı uğurla başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yüksək səviyyədə təşkil olunan buzadırmanma üzrə açıq Azərbaycan çempionatında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və FAİREX-in prezidenti, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak edib.

İki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib. Gənclərin böyük maraq göstərdiyi çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Qeyd edək ki, çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Daha sonra çempionat final mərhələsi ilə davam edib.

Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub. Ümumilikdə, bu qəbildən olan yarışların keçirilməsi dağçılıq idman növləri üzrə beynəlxalq arenalarda Azərbaycanı təmsil edəcək milli komandanın formalaşmasına xidmət edir.

Çempionatın nəticələrini təqdim edirik:

Çətinlik növü üzrə yarışan oğlanların nəticələri :

Rinat Rəhimxanov – Qafqaz İdman Klubu

Qalib Şıxrəhimov – Ləzə İdman Klubu

Ramay Rəhimxanov – Qafqaz İdman Klubu

Çətinlik növü üzrə yarışan qızların nəticələri :

Leyla Əhmədova – Qafqaz İdman Klubu

Nigar Mərdanova – Kyanite İdman Klubu

Fidan Novruzova – Qərb Universiteti İdman Klubu

Sürət Növü üzrə yarışan oğlanların nəticələri :

Şıxrəhimov Qalib – Ləzə İdman Klubu

Rəhimxanov Rinat – Qafqaz İdman Klubu

İsrafilov İlham – Salavat İdman Klubu

Komanda hesabında qazanılan kubokların sahibləri:

“Qafqaz” İdman Klubu

“Zirvə” İdman Klubu

“FHN” İdman Klubu