“Bakı Marafonu 2017”də veriləcək bütün mükafatlar açıqlanıb

İlk 10 yeri tutanlar mükafatlandırılacaqlar

İlk 10 yeri tutanlar mükafatlandırılacaqlar

Bakı. 17 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin kişi və qadın kateqoriyası üzrə qaliblərinin hər biri 3 min manat məbləğində mükafat alacaq. “Report”un layihənin rəsmi “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, II yerlər 2 min, III yeri tutanlar isə min manat əldə edəcək.

Bundan əlavə, finiş xəttini 4 - 6-cı keçən ümumilikdə 6 kişi və qadına Avropa daxilində istədikləri ölkəyə uçmaq üçün bir bilet təqdim olunacaq.

7 - 8-ci yerlərin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 - 10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu veriləcək.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.