Pakistan səfiri: "Hindistan Kəşmirin demoqrafik mənzərəsini dəyişdirməyə çalışır"

"Pakistan Cəmmu və Kəşmirdəki son hadisələri BMT-nin gündəminə çıxaracaq".

“Report” xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

“Bu gün həm müstəqilliyimizin ildönümünü, həm də kəşmirlilərlə birliyimizi qeyd edirik. Bildiyiniz kimi, Kəşmir xalqının müqəddəratını təyin etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Hindistan bu qətnamələri yerinə yetirməkdən boyun qaçırır. Kəşmirdəki hadisələr bölgənin statusunu və demoqrafik mənzərəsini dəyişdirməyə yönəlib”, - səfir deyib.

O, Kəşmir hərəkatı liderlərinin hazırda həbsxanada yaxud ev dustaqlığında saxlanıldığını vurğulayıb: “Hindistan bölgəyə 38 min əsgər yeridib. Doqquz gündür Kəşmirdə komendant saatı tətbiq olunub, əhali ətraf dünyadan təcrid edilmiş vəziyyətdədir. Bu siyasət Hindistanın özündə belə tənqid olunur”.