Qılıncoynadanımız beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə "B" kateqoriyalı "Satellite" turnirinə yekun vurulub.

"Report" xəbər verir ki, sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Səbinə Kərimova turnirin bürünc medalını qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qələbə qazanan S. Kərimova uğurlu çıxışın davamını pley-offda da gətirib. 1/8 finalda digər təmsilçimiz Aysel Əhədovaya qalib gələn Kərimova 1/4 finalda Türkiyə idmançısı Aylin Çakırı 15:10 hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən sablyaçımız finalın bir addımlığında polşalı Marta Pudaya uduzub. 

Digər təmsilçilərimizdən turnirin 1/4 finalına kimi irəliləyən Sevil Bünyatova yarışı 5-ci sırada tamamlayıb. Mübarizəni 1/8 finalda dayandıran Sevinc Bünyatova da ilk 10-luqda yer almağı bacarıb. 6 ölkədən 27 sablyaçının yarışdığı turnirdə Aysel Əhədova 14-cü, Nərminə Cəfərova isə 21-ci sırada qərarlaşıb.