Sabah Azərbaycanda yağış yağacaq, dolu düşəcək

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, avqustun 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Avqustun 27-də Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək.