Deputatlar: "Ağdam hakimiyyət uğrunda savaşın qurbanı oldu" - RƏYLƏR

"Azərbaycanın dilbər guşələrindən olan Dağlıq Qarabağı, o cümlədən Ağdamı ermənilər işğal edib. Ağdamın işğalından 26 il ötür... Dağlıq Qarabağ nə qədəq ki, işğaldan azad edilməyib, günlər bizim üçün ağrılı-acılı keçəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat qeyd edib ki, Azərbaycanda hər bir kəs qaçqın və məcburi köçkünlərlə bərabərdir: “Hər birimiz torpaqların işğal edilməsini yurdumuzun itməsi hesab edirik. Yəni bir milyondan artıq qaçqın və məcburi köçkün yurd-yuvalarından didərgin düşüb, düşünməliyik ki, hər birimiz yurdumuzu, yuvamızı, ocağımızı itirmişik. Bu düşüncə ilə Qarabağın işğaldan azad edilməsinə çalışmalıyıq. Vəzifəmizdən asılı olmayaraq bu prosesə töhfəmizi verməliyik”.

M.İbrahimqızı vurğulayıb ki, dünyada çox təhlükəli oyunlar gedir, bu, ildən-ilə daha çətinləşir: “Xüsusilə də Ukraynada və digər ölkələrdə, Cənubi Qafqazda çox gərgin proseslər gedir. Dünyada hegemonluq, sərvətlərin bölüşdürülməsi uğrunda mübarizə aparırlar. Hansı xalqın güclü lideri, rəhbəri varsa, şanslıdır. Azərbaycanda İlham Əliyev kimi şəxsiyyətin, liderin olması ölkənin təhlükəsizliyi üçün bir şansdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz günü-gündən inkişaf edir. Dövlətin gücü ilə torpaqları işğaldan azad edəcəyik. 

Dövlət başçısı bunu çıxışlarında dəfələrlə bəyan edib. Əminəm ki, Azərbaycanın bayrağı Şuşada, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Cəbrayılda və digər işğalda olan ərazilərdə dalğalanacaq. Biz itirdiyimiz digər əraziləri də unutmamalıyıq. Qərbi Azərbaycanda babalarımızın yurdu dağıdılıb. Bütün bunlar 100 il ərzində baş verib. Nə qədər ki Qarabağ işğaldan azad edilməyib, hər kəs evini, yurdunu itirmiş hesab etməlidir. Biz bu problemin həllinə tezliklə nail olacağıq”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev “Report”a açıqlamasında Ağdamın işğalının səbəblərinə toxunub: “Ağdamın işğalının 26-cı il dönümüdür, danışmaq çox çətindir. Ağdam strateji mövqedə yerləşirdi, şəhərin işğalı satqınlığın, hakimiyyət uğrunda savaşın qurbanı oldu. Hadisələr kompleks yanaşmaq lazımdır, cəbhədə müharibə getdiyi dövrdə Əlikram Hümbətovun ölkənin cənubunda separatçı qrup təşkil etməsi, Surət Hüseynovun Ağdamdan qoşunları çıxarması, hərbi texnikanın Bakıya gətirilməsi və müxtəlif parçalanmalar, ordudakı hərc-mərclik, komandirlərin bir-birlərini qəbul etməməsi, ən əsası vahid komandanın olmaması Ağdamın işğalına səbəb oldu. Səbəblər çoxdur... İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni işğalından azad ediləcək”.

Deputat vurğulayıb ki, Azərbaycan ordusunun gücü sübuta yetirilib, bu, beynəlxalq ekspertlərin tərtib etdiyi siyahılarda da əksini tapıb: “Azərbaycanın kiçik dövlət, əhalisinin az olmasına baxmayaraq ordumuz dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, ordunun necə qüdrətli olduğunu göstərir. Xatırlayırsınızsa, 2016-cı ilin aprel döyüşlərində qısa zaman ərzində ordumuz işğaldan olan torpaqların bir qismini azad etdi. Xalq ordunun gücünə inanır, Azərbaycan ordusu vahid komandanlıq altında ölkənin təhlükəsizliyini qorumaq iqtidarındadır”.

Xatırladaq ki, bu gün Ağdamın işğalından 26 il ötür. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.