YAP icra katibinin müavini: "Azərbaycana qarşı təhqir kampaniyası ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirilir"

“Milli maraqlara zidd mövqe tutan, ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş anti-milli ünsürlər, "beşinci kolon" nümayəndələri Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini hədəfə alırlar, təhqir kampaniyası aparırlar”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, anti-Azərbaycan dairələrinin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır: “Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, "sapı özümüzdən olan baltalar"ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edir. Onlar Azərbaycan xalqının milli xüsusiyyətlərinə, tarixi şəxsiyyətlərimizə qarşı təhqiramiz fikirlər səsləndirməklə əsl simalarını ortaya qoymuş olurlar”.

M.Qurbanlı vurğulayıb ki, Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi ümumbəşəri və mütərəqqi ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə fərqlənir: “Digər tərəfdən, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir. Tarixi şəxsiyyətlər də bizim milli-mənəvi dəyərlərimizdir. Onların irsinin qorunması və nəsillərə ötürülməsi də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən işlər də bu baxımdan xüsusi qeyd edilməlidir”.