V İslam Həmrəyliyi Oyunlarının proqramına 30 idman növü daxil edilə bilər

Belə bir təkliflə Türkiyənin idman naziri Akif Çağatay Kılıç çıxış edib

Belə bir təkliflə Türkiyənin idman naziri Akif Çağatay Kılıç çıxış edib

Bakı. 7 aprel. REPORT.AZ/ 2021-ci ildə Türkiyənin İstanbul şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi Oyunlarının proqramına 30 idman növü daxil edilə bilər.

“Report”un məlumatına görə, belə bir təkliflə Türkiyənin idman naziri Akif Çağatay Kılıç Bakıda keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında çıxış edib.

A.Ç.Kılıç bidirib ki, Türkiyədə baş tutacaq İslamiadada atletika, basketbol, futbol, ağırlıqqaldırma, karate, voleybol, üzgüçülük, suya tullanma, taekvando, həndbol, stolüstü tennis, oxatma, qılıncoynatma, gimnastika, cüdo, badminton, boks, kayak və kanoe, akademik avarçəkmə, yelkən idmanı, atıcılıq, tennis, triatlon, güləş, uşu, həmçinin, paralimpiyaçılar arasında cüdo, atletika, üzgüçülük, ağırlıqqaldırma və əba güləşi üzrə yarışlar təşkil etmək niyyətindədirlər.

Qeyd edək ki, 12 - 22 mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına 21 növ daxil edilib.