"İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib

Səs çoxluğu ilə Mirhəsən Seyidov yenidən birliyin İdarə Heyətinin rəhbəri seçilib

Səs çoxluğu ilə Mirhəsən Seyidov yenidən birliyin İdarə Heyətinin rəhbəri seçilib

Bakı. 19 dekabr. REPORT.AZ/ "İrəli" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, gənclər və idman nazirinin müavini İntiqam Babayev, birliyin üzvləri iştirak ediblər.

Konfransda birliyin iki illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında qeyd edib ki, ölkədə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin öz hesabatlarını təqdim etmək kimi gözəl ənənə formalaşıb: "Gənclər hərəkatının stabil inkişaf dövrünü yaşayırıq. Bu gün tam formalaşmış dövlət mexanizmləri var və gənclər hərəkatları bundan yararlana bilirlər. "İrəli" İctimai Birliyi cəmiyyətdə özünəməxsus yer tutur. Yeni nəsil gəncləri gələcəkdə çox perspektivli və istedadlı olacaqlar".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün Azərbaycanda gənclərin layiqli inkişafı üçün dövlət hərtərəfli yardım göstərir: “Dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetirişir, onlar ölkəmizin layiqli vətəndaşları kimi inkişaf edirlər. Ölkəmizdə gənclərlə bağlı dövlət qurumlarının fəaliyyət göstərməsi, dövlət proqramlarının həyata keçirilməsi, gənclər siyasətinə dəstək göstərmək üçün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması və digər fəaliyyətlər cəmiyyətdə gənclərin layiqli yer tutmalarına lazımi şərait yaradıb. Dövlət gənclər siyasəti nəinki gənclərin fərdi qaydada inkişafına, o cümlədən onların təşkilatlanmasına şərait yaradıb”.

V.Quliyev vurğulayıb ki, “İrəli” İctimai Birliyi Azərbaycanda ən fəal və qabaqcıl gənclər təşkilarlarından biridir: “Təşkilat yaranan gündən maraqlı təşəbbüslərlə çıxış edir. Bu gün “İrəli” ətrafında minlərlə gənci birləşdirir. Təşkilatın faliyyətini qənaətbəxş hesab edirəm və gələcəkdə daha çox işlər görüləcəyinə ümid edirəm”.

Daha sonra təşkilatın baş katibi Azər Əmirov hesabatı təqdim edib. Seçki prosesi yeni sədrin seçilməsi ilə başa çatıb. Səs çoxluğu ilə Mirhəsən Seyidov yenidən "İrəli" İctimai Birliyinin İdarə Heyətinin rəhbəri seçilib.

Sonda bir sıra gənclərə və birliklə əməkdaşlıq edən qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Konfransın sonunda M.Seyidov birliyin Prezident İlham Əliyevə ünvanladığı müraciəti oxuyub.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi 2008-ci ilin 24 dekabrında təsis olunub.