Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək

Ölkə çempionatı 14 - 18 dekabrda baş tutacaq

Ölkə çempionatı 14 - 18 dekabrda baş tutacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Dekabrın 14-də Bakı İdman Sarayında start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti ölkə çempionatı yeni qaydalarla keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) “Report”a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi ilə AGF-in birgə təşkilatçılığıyla keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, klubları, təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq.

Dünya Güləş Birliyinin qaydalarına əsasən, keçiriləcək yarışlar AGF Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən, 2 günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kq-dək artıq çəkidə güləşməyə icazə veriləcək.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılara AGF-nin müvafiq diplom, medal və pul mükafatı veriləcək, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 18-də yekun vurulacaq.