Bakıda ahıl qadını vurub qaçan sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi torətməkdə təqsirləndirilən Zamiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il iyunun 17-də Sabunçu rayonu ərazisində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Zamiq Məmmədovun idarə etdiyi “Hyundai” markalı, 10-FS-939 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1952-ci il təvəllüdlü Zemfira Rozakovanı vurub. Sürücü hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol--nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

İlkin istintaqla hadisənin Z.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.