Dünya çempionatının kubalı medalçısı Azərbaycan milli komandasına cəlb olunub

Aleksis Kopello İslamiadada iştirak edəcək

Aleksis Kopello İslamiadada iştirak edəcək

Bakı. 26 aprel. REPORT.AZ/ Atletika üzrə Azərbaycan milli komandasına yeni legioner cəlb olunub.

Bu barədə "Report"a yığmanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib. Onun sözlərinə görə, kubalı 3 təkanla uzununa tullanan Aleksis Kopello Sançesin bütün yarışlarda Azərbaycanı təmsil etməsi üçün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasından iki gün əvvəl razılıq alınıb: "Biz qaydalara uyğun olaraq, Kopellonun Azərbaycanı təmsil etməsi üçün 3 il gözlədik. Bu müddətdə Aleksis heç bir yarışa qatılmadı. Artıq onun ölkəmizi təmsil etməsində heç bir problem olmayacaq".

31 yaşlı idmançının gəlişindən sonra Azərbaycan yığmasında 3 təkanla uzununa tullanan tanınmış atletlərin sayı ikiyə çatıb. Onadək beynəlxalq yarışlara Nazim Babayev yollanırdı. Sultanzadənin fikrincə, yeni atletin gəlişi Babayevin hazırlıq səviyyəsinə mənfi yox, müsbət təsir göstərəcək: "Nazim tək olduqda nəticələrində artım baş vermirdi. Amma indi rəqabət yüksələcək. Kopello 3 il heç bir yarışda çıxış etməsə də, qışda məşqlərdə 17,10 metr nəticə göstərmişdi. Hər iki idmançının Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirakı nəzərdə tutulub".

Qeyd edək ki, Aleksis Kopello Sançes 2011-ci il Panamerika Oyunlarının qalibi və 2009-cu il dünya çempionatının bürünc mükafatçısıdır. O, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarına qatılsa da, mükafatçılar sırasına düşə bilməyib. Kopellonun ən yüksək nəticəsi 17,68 metrdir.