Azərbaycan millisi Xorvatiya ilə oyunöncəsi son məşqə çıxıb

Azərbaycan millisi səfərdə Xorvatiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl son məşqə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Hazırlıq prosesini AFFA-nın baş katibi Elxan Məmmədov, I vitse-prezident Rauf Əliyev, "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev və onun "Keşlə"dəki həmkarı Zaur Axundov da izləyib.

"Milli Dəstə" fan-klubunun 10-dək üzvü tribunadan yığmaya dəstək olublar.

Futbolçular media üçün açıq olan bölümdə fiziki təmrinləri yerinə yetiriblər.

Martın 21-də "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.