"İslahatların mahiyyətini başa düşməyən hakimlər dövlətin sərt qanunları ilə cəzalandırılacaq" - MƏHKƏMƏ HÜQUQ İSLAHATLARI

Prezident İlham Əliyevin imzaladığı 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı bu sahədə müsbət dəyişikliklərin həyata keçirilməsinə təkan verib. Eyni zamanda apellyasiya və kassasiya instansiyası məhkəmələrinin kollegiyalarında da kadr islahatlarının aparılması nəzərdə tutulur. Bununla yanaşı, islahatlar çərçivəsində hakimlərin maaşının artırılması da Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların tərkib hissəsidir. Bəs məhkəmə-hüquq sistemində aparılacaq kadr islahatları, həmçinin hakimlərin maaşlarının artırılması prosesə hansı töhfələri verəcək?

Məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, artıq bu islahatlarla bağlı konkret addımların atıldığı müşahidə olunur: “Ölkə Prezidentinin bir müddət əvvəl məhkəmə-hüquq sistemlərində islahatların aparılması bağlı imzaladığı fərmanı 2018-ci ilin prezident seçkilərindən sonra həyata keçirilən islahatların tərkib hissəsidir. Əminəm ki, bu sahədə islahatlar bundan sonra da davam edəcək. Söhbət sözün həqiqi mənasında Azərbaycanda müstəqil məhkəmə sisteminin təkmilləşdirilməsindən gedir. Burada əsas məqam hər hansı bir müdaxilənin, təsirin aradan qaldırılması və cəmiyyətdə hüquqi xarakter daşıyan mübahisələrin, hərəkətlərin və davranışların məhkəmə vasitəsilə obyektiv şəkildə araşdırılıb sona çatması və hüququ pozulan vətəndaşların hüquqlarının bərpa olunmasının önə çəkilməsidir. Bu proses artıq başlayıb. Dövlət başçısının imzaladığı sənədə uyğun olaraq, qanunvericilik baxımından da müvafiq addımlar atılıb. Mübahisələrin aradan qaldırılması üçün xüsusi məhkəmələrin yaradılması haqqında qanunvericilik təşəbbüsü təmin edilib, qanunvericilikdə bu sahədə qaldırılan məsələ öz əksini və təsdiqini tapıb”.

Deputatın sözlərinə görə, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin kollegiyalarında kadr islahatlarının aparılması bütün səviyyələrdə məhkəmə işinin yüksək şəkildə qurulmasına və eyni zamanda hakimlərin də sosial müdafiəsinin təmin edilməsinə xidmət edir. F.Ağamalı hesab edir ki, hakimlərin maaşlarının artırılması onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməsi ilə yanaşı, bu və ya digər şəkildə ayrı-ayrı hakimlərin neqativ addımlar atmamasına, rüşvət almamasına və işlərə biganə yanaşmamasına gətirib çıxarır: “Bununla da bu təminat məhkəmə sistemində çalışanların neqativ addımlar atmasına, hər hansı rüşvət və korrupsiya halların baş verməsinə imkan verməyəcək. Eyni zamanda qaldırılan məsələlərə obyektiv yanaşmaya təkan verəcək. Məhkəmə-hüquq sistemi ilə bağlı həyata keçirilən islahatların da mahiyyəti elə bundan ibarətdir. Biz yaxın zamanlarda bütün bu dediklərimin reallaşdığının şahidi olacağıq. Məhkəmə-hüquq sistemində aparılan islahatların mahiyyətini başa düşməyən və tamahının əsiri olan hakimlər isə dövlətin sərt qanunları ilə cəzalandırılacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov isə “Report”a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" imzaladığı fərmanı 2017-ci ilin fevralın 10-da bu sahədə imzaladığı sərəncamından sonra çox əhəmiyyətli və inqilabi bir sənəddir: “Məhkəmə-hüquq islahatları deyəndə, ümumiyyətlə, bilavasitə məhkəmə təsisatının nəzərdə tutulmasından razı deyiləm. Məhkəmə-hüquq islahatları kompleks məsələdir. Misal üçün, elə qanunlar var ki, onlar təkmilləşdirilmədən məhkəmə ədalətli qərar çıxara bilməz. Ona görə də Məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi üçün mütləq dəyişikliklər etmək lazımdır. Prezidentin imzaladığı sənəddə elə bu da öz əksini tapıb. Əgər bir məhkəmədə mülki işlə bağlı çıxarılan ədalətli qərar icra olunmursa, bununla da Avropa Konvensiyasının 6-cı maddəsi pozulur. Çünki bu maddə yalnız məhkəmə prosesini əhatə etmir. Bir məsələni də qeyd etmək istəyirəm ki, məhkəmə inzibati binaları zəruri avadanlıqlarla təchiz olunubmu? Vətəndaşların müasir internet-kommunikasiya vasitələrindən istifadə etməklə məhkəməyə müraciət etmək imkanı nə dərəcədədir? Hesab edirəm ki, məhkəmə-hüquq sistemi ilə bağlı həyata keçirilən islahatların nəticəsində bir çox problemlər öz həllini tapacaq və təbii ki, dəyişikliklər baş verməlidir. İslahatlardan bir müddət keçəndən sonra yenidən bu sahəyə baxılacaq və çatışmayan cəhətlər aşkar olunacaq. Bilirsiniz ki, Azərbaycanda mediasiya institutu yaradılır. Bununla da bəzi mülki məsələlər üzrə ilkin mediasiya sessiyası keçmədən vətəndaşın məhkəməyə müraciət etmək hüququ olmayacaq. Hakimlərin maaşlarının əhəmiyyətli artımı isə bir çox müsbət dəyişikliklərə təkan verəcək. Təbii ki, mən hakimlərin əməkhaqqlarının yüksək olduğunu hesab etmirəm. Əslində, onlar daha yüksək maaş almalıdırlar. Hakimlərin maaşlarının artımı onların korrupsiyadan qaçmasına səbəb olacaq”.