Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi əzmkar mübarizə ilə yadda qalıb - VİDEO

Yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparıb

Yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə ölkə birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışda 69 klubdan 500-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.

3 gün davam etmiş birincilikdə ölkənin bütün bölgələrini təmsil edən yeniyetmə cüdoçular qüvvələrini sınayıblar. Bölgə yarışlarının qalib və mükafatçıları, perespektivli idmançılar ölkə birinciliyində çempion adı uğrunda əzmkarlıq göstəriblər.

Azərbaycan birinciliyinin görüşlərini beynəlxalq və respublika dərəcəli hakimlər briqadası idarə edib. Yarışlardan öncə hakimlər və məşqçilər üçün seminarlar da təşkil olunub.

Birinciliyin ən güclü cüdoçuları Azərbaycanı gələn il keçiriləcək dünya və Avropa çempionatlarında, yeniyetmələrin olimpiya festivalında, Avropa kuboku yarışlarında təmsil edəcəklər.

Azərbaycan birinciliyinin qalib və mükafatçılarına Cüdo Federasiyasının fəxri fərmanları, medallar və pul mükafatları təqdim olunub. Yeniyetmə cüdoçuların görüşlərdə göstərdikləri fədakarlıq 3 gün ərzində Bakı İdman Sarayına toplaşan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.